MƏDƏNİYYƏT
Əməkdar Artist Suğra Bağırzadənin fərdi sərgisi açılmışdır
Bakı, 10 may (AZƏRTAC). “Baku Creative Center” yaradıcılıq mərkəzində Gül bayramı münasibətilə tanınmış florist, Əməkdar Artist Suğra Bağırzadənin fərdi sərgisi açılmışdır.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, sərginin açılış mərasimində “Baku Creative Center”in rəhbəri Emin Yasinov S.Bağırzadənin yaradıcılığından danışmış, onun əl işlərinin zövq oxşadığını xüsusilə vurğulamışdır. Qeyd edilmişdir ki, Gül bayramı münasibətilə belə bir sənətkarın əl işlərindən ibarət sərginin təşkili yerinə düşür.
Fərdi sərgisinin təşkilindən məmnunluğunu ifadə edən S.Bağırzadə göstərilən dəstəyə görə “Baku Creative Center”ə təşəkkürünü bildirmişdir. O, tədbirin təşkilində mərkəzin istedadlı gənclərinin əməyini vurğulamışdır.
Mərasimdə iştirak edən Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova da S.Bağırzadənin əl işlərini yüksək qiymətləndirmiş və ona yaradıcılıq uğurları arzulamışdır.