İQTİSADİYYAT
Əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair növbəti müsabiqə-baxışa yekun vurulmuşdur
Bakı, 6 iyun (AZƏRTAC). “Azərenerji” ASC-in müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair hər il keçirilən ənənəvi müsabiqə-baxış yekunlaşmışdır.
Müsabiqədə elektrik enerjisinin istehsalı, ötürülməsi, enerji təchizatı müəssisələri və sahə xidmət təşkilatları iştirak etmişlər.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, budəfəki müsabiqədə müəssisələr tərəfindən təqdim olunan sənədlərin təhlili ilə yanaşı, həm də son zamanlar “İSO 9001/14000 Beynəlxalq Standartlar”ın tələblərinə əsasən görülən işlər, əməyin mühafizəsi xidmətinin arayış və məlumatları, müvafiq idarələrin təklifləri nəzərə alınmışdır. Komissiya qalib müəssisələri müəyyənləşdirmişdir.
Ötən ilin yekunlarına görə, enerjinin istehsalı müəssisələri arasında “Şəki” elektrik stansiyası (ES) birinci yerə, “Səngəçal” ES və “Şəmkir” su elektrik stansiyaları silsiləsi isə ikinci yerə layiq görülmüşlər.
Elektrik enerjisinin ötürülməsi müəssisələri arasında Abşeron Regional Elektrik Şəbəkəsi (REŞ) müəssisəsi birinci, İmişli və Şəki REŞ müəssisələri isə ikinci yeri tutmuşlar.
Enerji təchizatı müəssisələri və sahə xidmət təşkilatları arasında birinci yeri “Hərbiləşdirilmiş Mühafizə Dəstəsi”, ikinci yeri Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu və “Enerjisistemin İdarəetmə Vasitələri Şəbəkəsi” MMC tutmuşdur.