İQTİSADİYYAT
Energetika Nazirliyinin Çağrı mərkəzi və “qaynar xətt”i qeyri-iş günlərində fasiləsiz xidmət göstərəcək
Bakı, 18 mart, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində bu xəstəliyin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Energetika Nazirliyinin struktur bölmələrinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə müvafiq tapşırıqlar verilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşılaraq müraciətlərin elektron və telefon rabitəsi vasitəsilə fasiləsiz qəbulu həyata keçiriləcək. Nazirliyin Çağrı mərkəzi və “qaynar xətt”i Novruz bayramındakı qeyri-iş günlərində (20-28 mart tarixləri) də fasiləsiz fəaliyyət göstərəcək. Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən zəruri olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil ediləcək.
Qeyd edək ki, vətəndaşların müraciətləri nazirliyin (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrəsi, (012) 598-16-55 “qaynar xətt”i və “974” Çağrı mərkəzi vasitəsilə qəbul ediləcək və cavablandırılacaq. Bununla yanaşı, vətəndaşlar nazirliyin “www.minenergy.gov.az” internet səhifəsi və “[email protected]” elektron poçt ünvanı vasitəsilə nazirliyə müraciət edə bilərlər.