SİYASƏT
Ərəbdilli oxucular Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlər barədə məlumatlandırılıblar
![Ərəbdilli oxucular Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlər barədə məlumatlandırılıblar](/files/2016/1/1200x630/14599613512504946450_1200x630.jpg)
Ər-Riyad, 6 aprel, AZƏRTAC
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev bu ölkənin “Ər-Riyad” qəzetində dərc olunan müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri oxucuların diqqətinə çatdırıb. Münaqişənin tarixindən söhbət açan səfir faktlar əsasında bildirib ki, Dağlıq Qarabağ bölgəsi tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olub və onun Ermənistan ilə heç bir sərhədi mövcud deyil.
Müsahibədə səfir son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələrə də toxunub. Diplomat, həmçinin Azərbaycanın işğal edilmiş əraziləri geri qaytarılmayanadək Ermənistan ilə heç bir diplomatik əlaqələr yaratmayacağını bəyan etdiyi üçün Səudiyyə Ərəbistanına minnətdarlığını bildirib. O, qardaş Səudiyyə Ərəbistanının bu münaqişə ilə bağlı ölkəmizə dəstək verən ilk dövlətlərdən biri olduğunu diqqətə çatdırıb. Səudiyyə Ərəbistanı müxtəlif beynəlxalq tədbirlərdə dəfələrlə Dağlıq Qarabağ bölgəsi və digər ətraf rayonların Ermənistan tərəfindən işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyünə tam dəstəyini ifadə edib. Ərəbdilli oxucuların diqqətinə çatdırılır ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələbi ilə dörd qətnamə qəbul edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad