SİYASƏT
ERMƏNİ LOBBİSİ TÜRKİYƏYƏ QARŞI YENİ KAMPANİYA HAZIRLAMIŞDIR
Ankara, 25 noyabr (AZƏRTAC). Türkiyənin tanınmış tarixçisi Cezmi Yurdsevər erməni lobbisinin rəsmi Yerevanla birlikdə Türkiyəyə qarşı yeni kampaniyaya başlayacağını bildirmişdir.
Tarixçinin sözlərinə görə, Ermənistanla münasibətlərin normallaşdırılması üçün rəsmi Ankaranın Dağlıq Qarabağ və işğal olunmuş digər Azərbaycan torpaqlarının azad olunması təklifinə qarşı ermənilər siyasi manevr kimi “Adana təzminat dosyesi” hazırlamışlar. Bu istiqamətdə ermənilərin fəaliyyəti cari ilin əvvəlində başlamış və erməni diasporu, Ermənistan dövləti və Livandakı Kilikiya kilsəsinin təşkilatçılığı ilə bir neçə konfrans və seminarlar keçirilmişdir. Kampaniyaının əsas məqsədi ondan ibarətdir ki, Türkiyə Dağlıq Qarabağ problemini gündəliyə salmasın. Əks halda, 1909-cu ildə Adana şəhərində ermənilərə məxsus olmuş daşınmaz əmlakın mənimsənilıməsinə görə türklərə təzminat açılması üçün hazırlanmış dosyelər işə salınacaqdır.
Cezmi Yurdsevər bildirmişdir ki, bu kampaniyanın təşəbbüsçüsü olan Kilikiya erməni kilsəsinin baş keşişi Aram Sarkisyan oktyabrın 28-də ABŞ-ın Beyrutdakı səfiri, Ermənistan Prezidenti Serj Sarkisyan və xristian dünyasının bir sıra kilsə xadimləri ilə məsləhətləşmələr apardıqdan sonra Türkiyənin təzminat ödəməsi ilə bağlı kampaniyanın başlanacağını elan etmişdir. Saxtakarlıq edən keşiş Aram Sarkisyan demişdir ki, türklər Adanada öldürülmüş 30 min erməninin əmlakı üçün təzminat ödəməlidirlər. Halbuki Osmanlı imperiyasının rəsmi sənədlərinə görə, həmin ildə bu şəhərdə 18 min erməni varmış.
Tarixçi alim erməni kilsəsinin yalanını ifşa etmək üçün bu sənədləri Adana Bələdiyyəsinin binasının önündə sərgiləmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara