SİYASƏT
ERMƏNİLƏR BİR ƏSR ƏRZİNDƏ MİLYON YARIMDAN ARTIQ AZƏRBAYCANLINI QƏTLƏ YETİRMİŞLƏR
Bakı, 1 aprel (AZƏRTAC). Bu gün erməni təbliğat maşını bütün dünyada qondarma “erməni soyqırımı” adı altında yalan-iftira yaymaqla məşğuldur.
Tarixçilərimiz isə bildirirlər ki, artıq əlimizdə bu böhtan və yalanları ifşa etmək üçün konkret faktlar vardır. Ermənilərin istifadə etdikləri bütün tarixi dəlillər sübut edir ki, bu faktlar Azərbaycan türklərinə məxsusdur. Tarixçilərin araşdırmalarına görə, bu hadisədə milyon yarımdan artıq azərbaycanlının qətlə yetirildiyi üzə çıxmışdır.
1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin Stepan Şaumyanı Qafqazın fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmış və martın 31-də Bakıda azərbaycanlıların kütləvi qırğını başlanılmışdır. Soyqırımı yalnız Bakı ilə məhdudlaşmamış, qısa müddətdə Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda da törədilmişdir.
A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov deyir ki, bütün bunlar Azərbaycan torpaqlarında monoetnoslu böyük Ermənistan dövləti yaratmaq məqsədi ilə edilirdi. Alim hesab edir ki, bütün dünya əsl soyqırımı haqqında həqiqətləri bilməli, bu gün baş vermiş hadisələrin kökləri və mahiyyəti açılmalıdır. Ölkə rəhbərliyi də bu istiqamətdə lazımi işlər görür. Aparılan təbliğat işlərinin nəticəsidir ki, indi bir çox ölkələrdə Azərbaycanlıların soyqırımı günü qeyd olunur.
Y.Mahmudovun sözlərinə görə, əsl tarixi də ilk dəfə məhz ulu öndərimiz Heydər Əliyev ortaya qoymuş, xalqı tarixinə sahib çıxmağa çağırmışdır.
Alim, həmçinin Böyük Britaniya parlamentində qondarma “erməni soyqırımı”nın tanınması məsələsi ilə bağlı aparılmış müzakirələrdə çıxış edən baronessa Kerolayn Koksun “erməni soyqırımı”nın inkar olunması günahkarların cəzasız qalmasına şərait yaradır” fikrinə də münasibət bildirmişdir. Y.Mahmudovun sözlərinə görə, baronessa Koks bilməlidir ki, həmin illərdə heç Ermənistan adlı dövlət olmamışdır və bu ərazilərə ermənilər köçmədirlər. Ermənistan adlı dövlət isə 1918-ci ildə qədim Azərbaycan torpaqlarında elə məhz ingilislərin təzyiqləri altında yaradılmışdır.
Ölkəmizin prinsipial mövqedə olduğunu vurğulayan Y.Mahmudov bildirmişdir ki, Prezident İlham Əliyevin də daim çıxışlarında dediyi kimi, hər şeyə rəğmən Azərbaycanda ikinci bir erməni dövləti yaranmasına imkan verilməyəcəkdir. Qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağın işğalına könüllü son qoymayan ermənilər bilməlidirlər ki, 1988-ci ildən başlayan növbəti xəyanətləri ilə o vaxtdan indiyədək Qafqazda Azərbaycan kimi müttəfiqlərini və Bakı kimi çörəkli bir şəhəri itirməklə, beynəlxalq layihələrdən kənarda qalmaqla yaxalarını qurtarmayacaq, hələ çox şeylərini itirməkdə davam edəcəklər.