İQTİSADİYYAT
Ermənistan AES-də iş dayana bilər
Bakı, 21 oktyabr (AZƏRTAC). Ermənistan Atom Elektrik Stansiyasında iş dayana bilər. Buna səbəb işçilərin kütləvi istefasıdır.
Oktyabrın 21-də AES-in əməkdaşlarının üçdə biri əmək haqlarının çox aşağı olması səbəbindən istefa ərizələri yazaraq artıq işə çıxmayacaqlarını bəyan etmişlər.
162 texniki əməkdaş hələ ötən ay əmək haqlarının heç olmasa 50 faiz artırılmayacağı təqdirdə 30 gündən sonra fəaliyyətlərini dayandıracaqları barədə rəhbərliyə ərizə yazmışlar. Lakin bu müddət ərzində əməkdaşların istəyi cavablandırılmamışdır. Ərizə sahibləri stansiyanın işində aparıcı mövqe tutduqlarına görə, gəlməyəcəkləri təqdirdə stansiyanın işi dayanacaqdır.
BBC agentliyinin məlumatında deyilir ki, işçilərin istefa ərizələri qəbul olunmamış, rəhbərliyin işə çıxmaq əmrinə isə məhəl qoyulmamışdır. Adının çəkilməsini istəməyən bir əməkdaş aylıq əmək haqqının 150 min dram (400 dollara yaxın) təşkil etdiyini deyərək, ölkənin artan qiymətlər fonunda yaşayış səviyyəsinin çox aşağı olduğundan şikayətlənmişdir. “Bizim işimizin həcmi elə digər ölkələrin müvafiq işçilərininki qədərdir. Lakin əməkhaqqımız onlarınkından ən azı 2-3 dəfə aşağıdır”.
AES bütün Ermənistanın elektrik tələbatının 40 faizini ödəyir.