SİYASƏT
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyon Azərbaycan vətəndaşının, o cümlədən qadınların insan hüquqları pozulmuşdur
Bakı, 27 yanvar (AZƏRTAC). Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyon Azərbaycan vətəndaşının, o cümlədən qadınların insan hüquqları pozulmuşdur. Məhz bu problemlərin həlli beynəlxalq təşkilatların daim gündəliyində olmalıdır. Dünyada formalaşan siyasi, ictimai, sosial, dini sahələrdə stereotipləri dağıtmaq lazımdır. Bu isə insanlardan asılıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun qış sessiyasında çıxışı zamanı səsləndirmişdir.
S.Fətəliyeva qeyd etmişdir ki, Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi nəticəsində öz doğma evlərindən didərgin düşmüş bir milyondan artıq vətəndaşımız arasında qadınların sayı çoxdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsas problemlərin ağırlığı da məhz qadınların üzərinə düşmüşdür.
Deputat bildirmişdir ki, zaman keçdikcə, hər bir ölkənin inkişaf meylinə və mənsub olduğu xüsusiyyətlərinə görə cəmiyyətdə qadın və kişinin rolu dəyişir. Müasir cəmiyyətdə qadının rolundan danışarkən, əvvəlcə həmin ölkənin inkişaf yoluna nəzər salmaq lazımdır. S.Fətəliyeva qeyd etmişdir ki, bu gün Azərbaycan qadının cəmiyyətdəki rolundan qürurla danışmaq olar. Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra qadın probleminin həllində, qadın hərəkatının geniş vüsət tapması və reallaşması sahəsində dönüş əsri olmuşdur. 1918-ci ildə Azərbaycanda - müsəlman Şərqində ilk demokratik respublika olaraq qadınlara seçmək və seçilmək hüququ verilmişdir. Bu, bir çox Qərb ölkələrindən əvvəl baş vermişdir.
S.Fətəliyeva qeyd etmişdir ki, məhz XX əsrdə ölkəmizdə qadın hüquqlarının təmin olunması məsələsi müxtəlif qanunlarda, bir çox rəsmi sənədlərdə öz əksini tapmışdır. Qərb və Şərqin, o cümlədən Azərbaycanın həyatında baş verən ictimai-siyasi və mədəni tərəqqi sahəsindəki bütün dəyişikliklərdə də qadınların rolu böyük olmuşdur. Deputat diqqətə çatdırmışdır ki, Azərbaycanda qadınlar fəal ictimai fəaliyyətlə məşğul olurlar. Qanunverici orqanın rəhbərliyində, Milli Məclisin üzvləri arasında kifayət qədər qadın vardır. Azərbaycan xanımları hüquq mühafizə və ədliyyə orqanlarında təmsil olunur, biznes fəaliyyəti ilə məşğul olurlar.
Azərbaycanlı deputat ölkəmizdə qadın hüquqlarının müdafiəsi məsələlərinə böyük diqqət yetirildiyini demişdir. Qeyd edilmişdir ki, 1998-ci il yanvarın 14-də Prezident Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalanmış, 2006-cı il fevralın 6-da isə Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti daha da genişləndirilmişdir.
Bildirilmişdir ki, ölkəmizdə ötən ildən “Xüsusi qayğıya ehtiyaclı qadın, uşaq, aztəminatlı ailələrin hüquqlarının təbliği məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin potensialının gücləndirilməsi” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Bu layihə 23 mərhələdən ibarətdir. Bu layihə Avropa İttifaqının ekspertləri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə hazırlanmışdır. Layihədə iştirak etmək üçün Avropanın bəzi ölkələrində tender elan olunmuşdur. Tenderdə Almaniya, Böyük Britaniya, İtaliya, Yunanıstan və İspaniya kimi dövlətlər iştirak etmişdir.