SİYASƏT
ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ “ŞƏRQ TƏRƏFDAŞLIĞI”NIN SƏMƏRƏLİ FƏALİYYƏTİNƏ VƏ İNKİŞAFINA MANEƏ TÖRƏDİR
Bakı, 10 dekabr (AZƏRTAC). Dekabrın 8-də Brüsseldə “Şərq tərəfdaşlığı” Proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin birinci iclası keçirilmişdir. İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil etmişdir.
Hazırda Avropa İttifaqına sədrlik edən İsveçin xarici işlər naziri Karl Bildt iclasa sədrlik etmişdir.
İştirakçılar “Şərq tərəfdaşlığı”nın hazırkı vəziyyəti, cari il mayın 7-də Praqada keçirilmiş bu proqramın iştirakçılarının ilk zirvə görüşündən sonra görülmüş işlər və gələcək planlar, layihələr barədə fikir mübadiləsi aparmışlar. İclasda “Şərq tərəfdaşlığı”nın çoxtərəfli fəaliyyət göstərən dörd platformasının 2009-2011-ci illər üçün İşçi Proqramları təsdiq olunmuşdur.
İclasda Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında münasibətlərin dərinləşməsində və güclənməsində, siyasi assosiasiyanın və iqtisadi inteqrasiyanın sürətlənməsində, tərəfdaş ölkələrdə siyasi və sosial-iqtisadi islahatların dəstəklənməsində “Şərq tərəfdaşlığı”nın strateji əhəmiyyəti vurğulanmışdır.
Nazir E.Məmmədyarov ölkəmizdə cəmiyyətin gündəlik həyatının bütün sahələrinin Avropa standartlarına, qanunvericiliyinə və qaydalarına uyğun səviyyəyə yüksəldilməsinin, bunun qanunvericilik qaydasında qəbul olunmasının və tətbiq olunmasının Azərbaycan üçün vacib olduğunu bildirmiş, “Şərq tərəfdaşlığı”nın bu istiqamətə yönəldilməsinin vacibliyini qeyd etmişdir. Nazir bu sahədə Avropa İttifaqının üzvü olmayan Avropa ölkələrinin təcrübəsini nümunə kimi göstərmiş və Azərbaycanın da bu ölkələr sırasında olmasını arzuladığını demişdir.
İclasda digər tərəfdaş ölkələrin nümayəndələri ilə yanaşı nazir E.Məmmədyarov da Avropa İttifaqı ölkələri ilə vizanın verilməsi prosedurunun asanlaşdırılmasının vacibliyini vurğulamış və Avropa İttifaqını bu sahədə ciddi addımlar atmağa çağırmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi barədə iştirakçılara məlumat verən nazir E.Məmmədyarov, münaqişənin və Azərbaycan ərazilərinin işğalının davam etməsinin “Şərq tərəfdaşlığı”nın çoxtərəfli səmərəli fəaliyyətinə və inkişafına maneə törətdiyini bildirmişdir.
İclasda Avropa İttifaqının üzvü olan ölkələrin xarici işlər nazirləri, Avropa Komissiyası, Avropa İttifaqı Şurası, Avropa Parlamenti, Avropa Sərmayə Bankı, Avropa İttifaqının Regionlar, İqtisadi və Sosial komitələri, həmçinin Belarusun, Ermənistanın, Gürcüstanın, Moldovanın və Ukraynanın xarici işlər nazirləri iştirak etmişlər.