SİYASƏT
Ermənistan bütün bəşəriyyət üçün potensial təhlükə mənbəyi olaraq qalır
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Türkiyədəki səfiri Faiq Bağırovun həmin qardaş ölkədə nəşr olunan nüfuzlu “Zaman” və “Haber Türk” qəzetlərində “Müasir dünyanın Xocalı rüsvayçılığı” sərlövhəli məqaləsi dərc edilmişdir.
AZƏRTAC xəbər verir ki, səfir məqaləsində 22 il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı bəşər tarixinin ən faciəvi soyqırımlarından birinin həyata keçirildiyini xatırladır. Diplomat bu hadisənin BMT Baş Məclisi tərəfindən 1948-ci ilin dekabrında qəbul edilmiş və 1951-ci ildə qüvvəyə minmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya çərçivəsində qiymətləndirilməsinin zəruriliyini vurğulayır.
Xocalı hadisələrinə indiyədək beynəlxalq səviyyədə hüquqi qiymət verilməməsini dünya üçün rüsvayçılıq kimi qiymətləndirən müəllifin fikrincə, baş verənlərin araşdırılmasından ötrü tarixə nəzər salınmalı və 1992-ci ilədək baş vermiş proseslər təhlil olunmalıdır. Xocalı faciəsinin səbəblərinin araşdırılması Ermənistanın hüquq və insanlıq əleyhinə hərəkətlərinin əsl mahiyyət və məqsədinin açılmasına gətirib çıxarar.
F.Bağırov ermənilərin Qafqaza İran və Türkiyə ərazilərindən kütləvi şəkildə köçürüldüyünü, “erməni soyqırımı” iddialarının əsassızlığını tarixi faktlarla sübut edir. Onun sözlərinə görə, çar Rusiyası zamanında məkrli planlarını həyata keçirən ermənilər, SSRİ dövründə də hakimiyyət strukturlarının dəstəyi ilə həmin siyasəti yürütmüşlər.
Xocalı soyqırımını Ermənistanın iddialarının “təbii” nəticəsi hesab edən müəllif qeyd edir ki, beynəlxalq hüququn prinsiplərinə hörmət etməyən bu təcavüzkar dövlət törətdiyi cinayətlərə görə cəzalandırılmayana qədər bütün bəşəriyyət üçün potensial təhlükə mənbəyi olaraq qalacaqdır.