SİYASƏT
Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında Xocalı qırğını qurbanlarının xatirəsinə həsr edilmiş etiraz aksiyası keçirilmişdir
Vaşinqton, 27 fevral (AZƏRTAC). Fevralın 26-da Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilmişdir.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkil etdiyi mitinqdə Vaşinqtonun və onun ətraflarının Azərbaycan icmasının üzvləri iştirak etmişlər. Plakatlarda Xocalı qırğını barədə faktlar təqdim edilmiş, bu qətliamı dövlət səviyyəsində tanımaq çağırışları yazılmış, faciənin ABŞ-ın bir sıra ştatları və bəzi ölkələr tərəfindən tanınması, Serj Sarkisyanın təkcə 1992-ci ilin fevralında Xocalı sakinlərinə deyil, həm də Sarkisyan rejimi tərəfindən 10 dinc erməni nümayişçisinin öldürüldüyü 2008-ci ilin martında öz vətəndaşlarına divan tutması barədə məlumatlar olmuşdur.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçiləri Adil Bağırov və Bədir Məmmədli etiraz aksiyası iştirakçıları ilə bərabər, Ermənistan hökumətini Xocalı qırğınını tanımağa çağırmış, erməni silahlı qüvvələrinin Azərbaycandan çıxarılmasının, girovların azad olunmasının və Azərbaycan qaçqınlarının doğma yurd-yuvalarına qayıtmasının təmin olunmasını tələb etmişlər. Azərbaycan icması Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin digər yaşayış məntəqələrində, o cümlədən Malıbəyli, Quşçular, Ağdaban və Qaradağlıda da azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi faktını tanımağa çağırmışdır.
Etiraz aksiyasının iştirakçıları sonda üzərində “Biz Xocalı qırğınını xatırlayırıq. 613” sözləri yazılmış qara şarları səmaya buraxmış, bununla da Xocalıda kütləvi qətliam qurbanlarının nurlu xatirəsini anmışlar.
Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi hər il Xocalı soyqırımının tanınması tələbləri ilə birlikdə bu qırğının qurbanlarının xatirəsinə etiraz aksiyası keçirir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton