CƏMİYYƏT
“Fəal ol! Sağlam ol! Həyat boyu qalib ol!” şüarı altında festival keçirilmişdir
Bakı, 6 aprel (AZƏRTAC). Bakının Nərimanov rayonu ərazisindəki parkda Gənclər və İdman Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) birgə təşkilatçılığı ilə Dünya Fiziki Fəallıq Gününə həsr olunmuş “Fəal ol! Sağlam ol! Həyat boyu qalib ol!” şüarı altında sağlamlıq festivalı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, festivalın açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbir haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, festivalın məqsədi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndində əks olunmuş gənclər arasında fiziki fəallığın və sağlam həyat tərzinin təbliğ edilməsidir.
Festivalda Bakı şəhərinin müxtəlif məktəbləri şagirdlərinin iştirakı ilə fiziki fəallıqla bağlı bir sıra yarışlar keçirilmişdir. Yarışlarda orta məktəb şagirdləri ilə bərabər, sağlamlıq imkanları məhdud olan uşaqlar da iştirak etmişlər.
Festivalda 177 nömrəli məktəb qalib gəlmişdir.
Qalib komandaya və iştirakçılara Gənclər və İdman Nazirliyi tərəfindən fərqlənmə diplomu və hədiyyələr təqdim olunmuşdur.
Sonra tədbir musiqili proqramla davam etmişdir.