Fədakarlıq və səxavət rəmzi
Bakı, 1 sentyabr, AZƏRTAC
“Qurbanın qoyun olsun!”
Kimsə kiməsə “qurban olum” ifadəsi işlədəndə belə cavab eşidirik və bəzən nə üçün belə söylədiyimizin fərqinə varmırıq. Əslində isə bu, əsrləri aşaraq bu günümüzə gələn müqəddəs Qurban bayramı ilə bağlı olan ifadədir.
Qurban bayramı Həzrəti İbrahim və İsmayıldan bu günə qədər qəhrəmanlıq, fədakarlıq və təslimiyyət rəmzi sayılır. “Qurban” sözünün lüğətdə hərfi mənası “ yaxınlaşmaq, Allaha yaxınlaşmaq üçün uzun yol”, İslam dinində termin kimi ”ibadət niyyəti ilə İslam qaydalarına uyğun heyvan kəsmək” deməkdir. Qurban bayramının ilk üç günündə Allah rizası üçün kəsilən qurbana “udhiyyə” deyilir.
AZƏRTAC xəbər verir ki, Qurban Allaha yaxınlaşmaq, Onun rizasına nail olmaq niyyəti ilə kəsilən heyvan deməkdir. Qurban müsəlmanın lazım gələrsə bütün varlığını Allah yolunda fəda etməyə hazır olmasının nişanəsidir. Göründüyü kimi, Haqqa yaxınlaşmaq və özünü ifadə etmək bu bayramın ruhundadır.
Qurban bayramında qurban kəsməyin mükəlləf olması üçün dörd əsas şərt var. Bunlar qurban kəsənin müsəlman olması, ağıllı və həddi-buluğa çatması, səfərdə olmaması və müəyyən miqdarda maddi imkana malik olmasıdır.
Qaydaya görə, qurban kəsmək üçün vacib olan mal miqdarının ölçüsü zəkat və fitrə sədəqəsində tələb olunan mal miqdarının ölçüsü ilə eynidir. Bu da borc və zəruri ehtiyacların xaricində 20 misqal (85 qram) qızıl və ya 200 dirhəm (595 qram) gümüşdür. Nisab miqdarına sahib olan qadın və yetkinlik yaşına çatmayanlar qurban kəsməklə şəxsən mükəlləf olmaqla yanaşı, əri və atasının adına qurban kəsməklə həmin mükəlləfiyyəti yerinə yetirmiş sayılır.
Qurban bəzi imkanlı adamları xəsislikdən xilas etmək vasitəsidir. Qurban varlılarda Allahın razılığını qazanmaq üçün malını vermə kimi peyğəmbər adəti və vərdişini formalaşdırır. Qurban kəsməklə onlar xəsislik xəstəliyindən, dünya malına olan hərislikdən xilas olurlar.
Qurban insanda Allaha təslim olma ruhunu inkişaf etdirir, ona şükranlıq tərbiyəsi aşılayır. Onun bir məqsədi də ətin ehtiyacı olanlara verilməsini təmin etməkdir. Buna görə ailələr qonşularına, dostlarına, yoxsullara düşən payı verdikdən sonra yerdə qalan əti istifadə etmək məqsədilə istədikləri zamana qədər soyuducuda qovurma və ya qiymə şəklində küplərdə saxlaya bilərlər.