REGİONLAR
Fermer: Ölkəmizin ərzaq təminatının, xüsusilə taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsi vacib amildir
İsmayıllı, 24 aprel, AZƏRTAC
İsmayıllı rayonunun Soltankənd kəndindən olan Şaməddin Nadirovun ailə fermer təsərrüfatı cari ilin məhsulu üçün 110 hektar sahədə taxıl əkib və fermer bitkinin inkişaf vəziyyətindən razıdır.
AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində ötən il 105 hektardan 441 ton taxıl götürdüyünü, hər hektarda məhsuldarlığın 42 sentnerə çatdığını söyləyən fermer deyib: “Koronavirus pandemiyasının dünyamızı lərzəyə saldığı, ən inkişaf edən ölkələrin belə iqtisadi böhranla üzləşdiyi bir vaxtda biz istehsalçıların üzərinə böyük vəzifələr düşür. Bu gün ölkəmizin ərzaq təminatının, xüsusilə taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsi vacib amildir”.
Fermer Azərbaycanda taxıla tələbatın yerli istehsal hesabına təmin olunması istiqamətində dövlət başçısının gördüyü zəruri tədbirlərdən, həyata keçirilən islahatlardan danışıb və belə çətin günlərdə hər bir fermerin maksimum çalışmalı olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Şaməddin Nadirovun ailə fermer təsərrüfatı həm də heyvandarlıq, quşçuluq və arıçılıqla məşğul olur. Onların 22 baş iribuynuzlu mal-qarası, 400 başlıq quşçuluq təsərrüfatı, 13 arı ailəsi var.