CƏMİYYƏT
FHN-in Gəncə Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
Bakı, 14 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərlər” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 10-dan 14-dək davam edən kurslarda iştirakçılara əhalinin baş verə biləcək fövqəladə hadisələrdən qorunma üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsində roluna dair məşğələlər keçirilib. Eyni zamanda, kurslarda zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi, habelə mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsinə dair mövzular da diqqət mərkəzində olub. Kurslarda mövzulara aid fotoslaydlar təqdim edilib.
Sonra dinləyicilər xüsusi xilasetmə avadanlığı ilə tanış olublar.
Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.