DÜNYA
Filippində şəhər meri sui-qəsd nəticəsində öldürülmüşdür
Bakı, 20 dekabr (AZƏRTAC). Filippində şəhər meri Yukol Talumpa, onun arvadı, qohumu və hadisə yerində olan yaşyarımlıq uşaq dekabrın 20-də Manila aeroportunda sui-qəsd nəticəsində öldürülmüşdür. Daha dörd nəfər yaralanmışdır.
AZƏRTAC İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, şəhər merinə və onu müşayiət edən şəxslərə onlar aeroportun terminallarının birindən çıxarkən hücum edilmişdir. Polisin məlumatına görə, iki naməlum şəxs motosikletlə merə yaxınlaşmış, ona yaxın məsafədən bir neçə dəfə atəş açaraq naməlum istiqamətdə gizlənmişlər. Hadisə şahidləri bildirmişlər ki, hücum edənlər polis formasında olmuşlar.
İstintaqın ilkin versiyasına görə, qətl sifariş xarakteri daşıyır və merin siyasi fəaliyyəti ilə bağlıdır. Talumpa şəhər meri postunu 2012-ci ildən tuturdu və çoxlarının fikrincə, siyasi müxalifəti təmsil edirdi. Ona bundan əvvəl də iki dəfə sui-qəsd təşkil olunmuşdur.