SİYASƏT
“Foreign Policy” jurnalı Xəzər dənizində “qızğın silahlanma” getdiyini yazır
Vaşinqton, 23 iyun (AZƏRTAC). ABŞ-ın beynəlxalq siyasət və münasibətlər mövzusunu işıqlandıran nüfuzlu “Foreign Policy” jurnalı iyunun 22-də “Xəzərin böyük qızğın silahlanması” başlıqlı məqalə dərc etmişdir.
Məqalədə strateji sular hesab edilən Xəzər dənizinin son vaxtlar bölgədəki rəqabətin təsiri altında artan sürətlə hərbiləşməsi ilə bağlı narahatlıq ifadə olunur. Geosiyasi gərginliyin nisbətən aşağı səviyyədə olduğunu yazan müəllif bununla yanaşı baş verənlərin təhlükəli cərəyan formalaşdırdığını diqqətə çatdırır. Jurnalist Coşua Kutsera hesab edir ki, hələ də sektorlar arasında sədləri müəyyənləşdirilməyən Xəzər dənizinin sahilyanı dövlətləri sulardakı təbii ehtiyatlarını qorumaq üçün donanma qüvvələrini artırır. Bu da, Xəzərdə qızğın silahlanma cərəyanı yaradır.
“Foreign Policy” qeyd edir ki, hələ çar Böyük Pyotr vaxtlarından Rusiya Xəzər dənizində nəzarəti əlində saxlasa da, Sovet İttifaqı dağıldıqdan sonra yaranan yeni dövlətlər - Azərbaycan, Qazaxıstan və Türkmənistan da sulardakı öz paylarını müdafiə etməyə hazır olduqlarını nümayiş etdirməyə başlamışlar. Hesablamalara görə, məhz bu üç dövlətin ərazisinə düşən suların 40 milyard barrelə yaxın neft ehtiyatı vardır. Məqalədə bildirilir ki, bir sıra sahilyanı dövlətlər su sərhədlərinə dair ikitərəfli razılığa gəlsələr də, İranın sərhədlərlə bağlı mövqeyi qeyri-müəyyən olaraq qalmaqdadır. Üstəlik, Türkmənistan təbii qazını Azərbaycandan Qərb bazarlarına nəql edəcək sualtı Trans-Xəzər kəmərinin tikilməsinə dair layihə də Rusiya və İran tərəfindən etirazla qarşılanmışdır. Məhz belə qeyri-müəyyənliklər Xəzərdə 2001-ci ildən bəri bir sıra gərgin insidentlərə səbəb olmuşdur. Xəzərin beş sahilyanı dövləti son illər donanma qüvvələrini bəzi hallarda möhkəmlətmək, bəzi hallarda isə sıfırdan qurmaq üçün bir sıra vacib addımlar atmışlar. Xüsusilə də, Azərbaycan demək olar ki, bütün müdafiə büdcəsini ermənilərin nəzarəti altında olan torpaqlarını qaytarmaq üçün quru və hava qüvvələrinə sərf etsə də, son zamanlar Xəzərdə təhlükəsizliyini möhkəmləndirmək üçün ciddi addımlar atır. Bir sıra azərbaycanlı, rus və amerikalı ekspertlərin rəyinə əsaslanan “Foriegn Policy” bölgədə hərbi-siyasi vəziyyətin gözlənilməz olduğunu bildirir. Jurnal xatırladır ki, Rusiya və İran xüsusilə ABŞ və Avropanın təsirini Xəzərdən kənarda saxlamaq istəyirlər.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton