İDMAN
Formula 1 yarışlarının icraçı direktoru Stefano Domenikali Bakıdan Cənubi Afrikaya yola düşüb
Bakı, 14 iyun, AZƏRTAC
Kalami trası gələn ildən etibarən yenidən dünya çempionatına ev sahibliyi etməyə başlaya bilər.
AZƏRTAC xəbər verir ki, Formula 1 yarışlarının icraçı direktoru Stefano Domenikali Bakıdan Cənubi Afrikaya yola düşüb.
Gözlənildiyinə görə, orada Formula 1 dünya çempionatının təqviminə Cənubi Afrika mərhələsinin qaytarılması barədə danışıqlar aparılacaq. Bu mərhələ yenə Kalami trasında keçiriləcək.
Domenikali trasın sahibi olan ailə fondunun rəhbəri Tobi Venter və 1979-cu il dünya çempionu Codi Şekterin qardaşı oğlu və “SA Grand Prix Corporation” korporasiyasının baş direktoru Uorren Şekter ilə birlikdə CAR siyasətçiləri və hökumət nümayəndələri ilə görüşməlidir.
Görüşün yekunlarına əsasən, 2023-cü ildən etibarən Cənubi Afrika Qran-Prisinin keçirilməsi barədə kontrakt imzalana bilər.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 10-dan 12-dək Bakıda keçirilib. Azərbaycan Qran-Prisinin qalibi “Red Bull Racing” komandasının pilotu Maks Ferstappen olub.