REGİONLAR
Füzuli: 4 tondan çox barama istehsalı gözlənilir
Füzuli, 8 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Bir neçə gündür cəbhə bölgəsində yerləşən Füzuli rayonunda barama tədarükünə başlanılıb. Artıq kümçülərin yetişdirdikləri 900 kiloqram məhsul rayonda “Şəki İpək” ASC-nin nümayəndələri tərəfindən qəbul edilib.
Füzuli Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, dövlətin baramaçılığın inkişafına diqqət göstərməsi, bazarda 1 kiloqram baramanın qiymətinin 8 manat olması rayon sakinlərinin bu sahəyə marağını artırıb. May ayının əvvəlində 1520 qram və ya 80 qutu ipəkqurdu toxumu gətirilərək, pulsuz olaraq 12 yaşayış məntəqəsində kümçülərə paylanılıb.
Bu il rayonda 4 tondan çox barama tədarük olunacağı gözlənilir. Rayon ərazisində çəkil ağaclarının müəyyən hissəsinin qorunub saxlanılması, ən əsası isə sakinlərin baramaçılıq sahəsindəki peşəkarlığı bu sahənin inkişafı üçün stimul yaradır. Odur ki, gələcəkdə barama istehsalının artırılması nəzərdə tutulur.