REGİONLAR
Füzulidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb
Füzuli, 18 sentyabr, AZƏRTAC
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutulub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, daxil olmuş məlumatlar əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Əhmədalılar kənd sakini Vadim Səmədov və Aşağı Kürdmahmudlu kənd sakini Mircəfər Rüstəmov saxlanılıb. V.Səmədovun üzərinə və yaşadığı evə baxış keçirilən zaman sellofan torbada və kağız bükümlərdə qablaşdırılmış marixuana, M.Rüstəmovun üzərindən isə kibrit qutularında qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb. Onların narkotik vasitə olan marixuananı satış məqsədilə əldə etdiyi müəyyən olunub.
Qeyd edilən faktlarla bağlı Füzuli RPŞ-də araşdırmalar davam etdirilir.