İQTİSADİYYAT
Gəncə çayı sahilində yeni parkın tikintisinə başlanılmışdır
Gəncə, 7 oktyabr (AZƏRTAC). Gəncə çayının sahilində yeni parkının salınması layihəsinin icrasına başlanılmışdır.
Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişi ilə “Kolan inşaat” MMC tərəfindən həyata keçirilən layihənin birinci mərhələsində çayda bənd vurulacaqdır. Bəndin eni 3,5 metr, hündürlüyü isə 1,5 metr olacaqdır.
İnşaat işlərini həyata keçirən MMC-nin direktoru Nizami Cəfərov AZƏRTAC-a demişdir ki, çayın məcrasının layihəyə uyğun yenidən qurulması ən müasir standartlara uyğun şəkildə aparılır. Gələcəkdə baş verə biləcək daşqınların qarşısını almaq məqsədi ilə çayın bənd salınacaq hissəsinin hər yüz metrində keçidlər quraşdırılır. Bəndlərinin inşası başa çatdırıldıqdan sonra çayın yataq hissəsində hamarlama işləri aparılacaqdır. Bundan sonra isə sahil boyu parkın salınması həyata keçiriləcəkdir.
Ümumiyyətlə Gəncə çayı boyunca salınacaq sahil parkının gələn ilin sonunadək başa çatdırılması nəzərdə tutulmuşdur.