İQTİSADİYYAT
Gəncə dairəvi yolu və dəmiryol vağzalı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir
Gəncə, 29 dekabr (AZƏRTAC). Bakı-Ələt-Qazax magistral yolunun Gəncə şəhərindən keçən hissəsində uzunluğu 38 kilometr olan Gəncə dairəvi yolu və Gəncə dəmiryol vağzalı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, nəqliyyat naziri Ziya Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və "Azəryolservis " ASC-nin sədri Cavid Qurbanovun iştirakı ilə dairəvi yolun açılış mərasimində yolun tikintisinin podratçıları İtaliyanın “İmpressa” və Koreya Respublikasının “Ultra Azerno” şirkətləri, subpodratçıları isə yol tikintisi sahəsində xüsusi bacarığı ilə tanınan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, “Azərinşaat” MMC, “Gəncə Körpu Tikinti” ASC və s. yerli şirkətlərdir.
Məlumat verilmişdir ki, yol 4 hərəkət zolağından ibarətdir. Yol boyu 4 körpü, 82 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılmış, zəruri ərazilərdə işıqlandırma sistemi yaradılmışdır. Asiya İnkişaf Bankının və Koreya Respublikasının “Şinhan” bankı tərəfindən maliyyələşdirilən yolun bir üstünlüyü də ondadır ki, avtomobillər Gəncə şəhərinə daxil olmadan dairəvi yolla Qazax istiqamətinə çıxmaq imkanı əldə etmişlər.
Nəqliyyat naziri Ziya Məmmədov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yolun açılmasını bildirən rəmzi lenti kəsdikdən sonra avtomaşınlar yüksək keyfiyyətlə və müasir standartlara cavab verən yoldan hərəkət etməyə başlamışlar.
Sonra Gəncə Dəmiryol Vağzalının əsaslı təmirdən və yenidənqurmadan sonra açılışı olmuşdur.
Mərasimdən əvvəl nəqliyyat naziri Ziya Məmmədov dəmiryolçularla görüşmüş, onların arzu və təkliflərini dinləmişdir. Nazir qeyd etmişdir ki, həm Gəncə dairəvi yolunun, həm də dəmiryol vağzalının əsaslı təmiri və yenidən qurulması dövlətimizin başçısının nəqliyyat işçilərinin qarşısında qoyduğu tələblərə uyğun həyata keçirilmişdir. Hazırda ölkənin nəqliyyat sistemində böyük infrastruktur yenilikləri sürətlə davam etdirilir. Həm avtomobil, həm də dəmir yollarının yeniləşdirilməsi istiqamətində kompleks layihələr həyata keçirilir.
Rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları vağzalda yaradılan şəraitlə yaxından tanış olmuşlar.