İQTİSADİYYAT
Gəncədə antisanitariya şəraitində alkoqolsuz içkilər istehsal edən sex bağlanmışdır
Gəncə, 11 iyul (AZƏRTAC). Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə Ərazi İdarəsinin əməkdaşları şəhərin Avtozavod qəsəbəsində yerləşən, iş adamı Aftandil Quliyevə məxsus alkoqolsuz içki və şirniyyat istehsal edən sexdə yoxlama apararkən çoxlu sayda qanunsuzluq aşkar etmişlər. Məlum olmuşdur ki, sexdə istehsal edilən məhsulların uyğunluq sertifikatı yoxdur. Məhsul istehsalında gigiyenik qaydalara əməl olunmur.
İdarənin baş məsləhətçisi Fuad Nağıyevin AZƏRTAC-a verdiyi məlumata görə istehsal sexində xüsusi pasterilizasiya avadanlığı olmadığı halda içkilərin üzərində 90 gün saxlama müddəti yazılmışdır. Bundan başqa sexdə çalışan işçilərin də sağlamlığı barədə heç bir sənəd olmamışdır. Bütün bu nöqsanlar nəzərə alınaraq müəssisənin istehsal fəaliyyəti dayandırılmış və məhsullardan nümunə götürülərək laboratoriyaya göndərilmişdir. Müəssisənin gələcək fəaliyyəti laboratoriyanın verəcəyi nəticədən asılı olacaqdır.