REGİONLAR
Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb
Gəncə, 4 fevral, Elcan Məmmədov, AZƏRTAC
Son on səkkiz il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə 18 dəfə rəsmi səfərdə olub. Bu, Gəncəyə həmişə yüksək səviyyədə göstərilən diqqətin bariz nümunəsidir. Gəncədə gedən inkişaf Prezidentin bu şəhərə göstərdiyi diqqət və qayğını bir daha təsdiqləyir. Gəncənin kompleks inkişaf planı təsdiqlənərək uğurla icra edilməkdədir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov deyib.
Gəncədə bu günədək bir sıra infrastruktur layihələr icra edilib və bu istiqamətdə layihələrin icrası davam etməkdədir. Son illərdə demək olar ki, Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma layihələri tam icra edilib, içməli su layihəsi isə icra edilir. Bu layihənin reallaşması nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacağı bəllidir. Bu gün Gəncə şəhərinin enerji tələbatını tam ödəyəcək 10 yarımstansiya inşa edilib.
Azad Bayramov şəhərdə yolların da tam müasirləşdirildiyini deyib: “Gəncə şəhərinə gedən yollar, demək olar, tam bərpa olunub. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatmışdır. Gəncədən Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda əsaslı təmir işləri aparılıb. Gəncəyə Bakıdan dəmir yolu xətti əslində Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Hazırda bu istiqamətdə gedən işlərin nəticəsində Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksəksürətli qatarlar işləyir. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən qatarların əsas özəlliyi budur ki, həm vaxt baxımından çox əlverişlidir, həm də ki, rahatdır”.
Həmçinin Prezidentin vurğuladığı kimi, İkinci Qarabağ müharibəsindən sonra Gəncənin Kəlbəcər rayonunun inkişafı ilə bağlı əhəmiyyəti daha da artıb. Məlumdur ki, Kəlbəcərə yeganə yol məhz Gəncədən Göygölə, Göygöldən Kəlbəcərə gedir. Əlbəttə ki, bu yol ancaq yaz-yay mövsümlərində daha əlverişli, rahat istifadə edilə bilir. Çünki qış aylarında həmin yol keçilməz və çox təhlükəli olur. Böyük Qələbə əldə edildikdən sonra işğaldan azad olunan ərazilərdə bərpa işlərinin sürətləndirilməsi həm dünya, həm də ölkə ictimaiyyətinə bəllidir. Bu işlərin bir qolu olan Murov dağının altından uzunluğu təqribən 12 kilometr olan tunelin çəkilişi bir daha bu torpaqların Azərbaycan xalqına məxsusluğu faktını təsdiq edir. Çünki əgər bu torpaqlar ermənilərə məxsus olsaydı, həmin ərazilər dağıdılmış və baxımsız vəziyyətdə qalmazdı. Əlbəttə, Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə də Kəlbəcərin, Laçının və digər azad edilmiş torpaqların həyatında xüsusi rolunun olacağı şübhəsizdir.
“Birmənalı olaraq Prezident üçün vətəndaş faktoru, vətəndaşın rifahı, onun rahatlığı bütün məsələlərdən öndə gəlir. Məhz bu səbəbdəndir ki, Gəncədə şəhər xəstəxanası yenidən tikilib və əlavə modul tipli xəstəxanalar quraşdırılıb. Eyni zamanda, bir millətin gələcəyinin təməlində təhsil önəmli faktordur. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilməsi bir daha Prezidentin uzaqgörən bir siyasətçi olmasını sübut edir. Ali Baş Komandan Azərbaycan xalqının nəinki bugünkü, eyni zamanda, gələcəyinin də qarantçısıdır”, - deyə professor bildirib.
İkinci Qarabağ müharibəsi dövründə Gəncənin dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanması nəticəsində insanlar qətlə yetirilib. Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinə erməni separatçıları tərəfindən 13 raket atılıb. Həlak olan soydaşlarımız arasında uşaqlar, qadınlar, yaşlı insanlar da var idi. Prezidentin Gəncəyə səfəri çərçivəsində təməli qoyulan Memorial Kompleks bu yaddaşın silinməməsinə öz töhfəsini verəcək, erməni vəhşiliyini unutdurmayacaq. Bu tarixi faktları xalqımız heç bir zaman unutmayacaq.
Ümumiyyətlə, görülən işlərin nəticəsi olaraq deyə bilərik ki, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrasında Gəncə şəhəri həmişə xüsusi yerdə olub. Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Dövlət azad edilmiş torpaqlar, yəni Qarabağ və Zəngəzur ilə yanaşı, bütün başqa şəhər və rayonların inkişafına diqqət ayırır. Bütün bunlar deməyə əsas verir ki, digər regionlarımızla yanaşı, qədim Gəncə şəhərimizin də inkişafı daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu həm də onu deməyə əsas verir ki, yaxın gələcəkdə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ölkəmizin inkişafındakı yeri və rolu daha da artacaq.