CƏMİYYƏT
Gənclər narkomaniyanın gətirdiyi bəlalar və ona qarşı mübarizə yolları barədə məlumatlandırılırlar
![Gənclər narkomaniyanın gətirdiyi bəlalar və ona qarşı mübarizə yolları barədə məlumatlandırılırlar](/files/2014/2/1200x630/14087123452521751035_1200x630.jpg)
Qax, 27 iyun (AZƏRTAC). Qax Rayon Mərkəzi kitabxanasında “Narkotik maddələrdən uzaq olaq, sağlamlığımızı qoruyaq” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti və hüquq mühafizə orqanları əməkdaşlarının, müvafiq dövlət strukturları nümayəndələrinin, yeniyetmə və gənclərin iştirak etdikləri tədbirdə qeyd olunmuşdur ki, müasir dövrdə cəmiyyəti narahat edən problemlər arasında ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniyadır. Narkomaniya təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. Dünyada milyonlarla, ölkəmizdə isə minlərlə insan bu dəhşətli bəladan əziyyət çəkir. Təbii ki, bu inkişaf sürəti yaxın gələcəkdə ictimai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı isə odur ki, yeniyetmə və gənclər arasında narkotiklərə aludəçilik halları yüksələn xətlə artmaqda davam edir.
Bildirilmişdir ki, müstəqil respublikamız artıq 20 ildən çoxdur ki, beynəlxalq ictimaiyyət və aparıcı dünya dövlətləri ilə birgə bu problemin həlli yolunda davamlı və məqsədyönlü addımlar atır. Bu illər ərzində Azərbaycanda narkomaniyanın qarşısının alınması sahəsində müxtəlif işlər həyata keçirilmiş, ölkəmiz beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq dövlət proqramları qəbul edilmişdir. Diqqətə çatdırılmışdır ki, Prezident İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoymuşdur.
“Dəyirmi masa”da narkomanlıqla mübarizə sahəsində ictimai maarifləndirmə tədbirlərinin aparılmasının vacibliyi xüsusi vurğulanmışdır.