CƏMİYYƏT
“Gənclər və media savadlılığı” adlı təlim kursu keçirilib
Bakı, 16 fevral, AZƏRTAC
Avropa Şurası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər və media savadlılığı” adlı təlim kursu keçirilib.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən (GİKM) AZƏRTAC-a bildiriblər ki, təlimin məqsədi gənclərin media savadlılığı və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirməsinə imkan yaratmaqdır. Təlim kursu interaktiv formatda media ekspertləri, gənclərlə qarşılıqlı çalışan mütəxəssislər tərəfindən idarə olunub.
Təlimdə GİKM-in Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nuranə Xəlilova, region nümayəndəliklərindən Asim Yusifov, Təhminə Əliyeva, Rəqsanə İbrahimova, Ofelya Arabova, Zəminə Ədilova və Eyvaz Xeyrullayev də iştirak ediblər.
Təlim kursunda iştirakçılar Azərbaycanda və Avropada media savadlılığı, saxta xəbərlər və dezinformasiya, media müxtəlifliyi və mediada qərəzlik haqqında ətraflı məlumatla tanış olub, əldə etdikləri nəzəri bilikləri interaktiv formada keçirilən fəaliyyətlərdə tətbiq edərək, saxta və yalan xəbərləri, eləcə də qərəz formalarını aşkar etməyin və onlara qarşı necə mübarizə aparmağın yollarını öyrənib.
“Sağlam Düşüncə” Gənclər Təşkilatı 2021-ci ildə fondun elan etdiyi “Pilot” fəaliyyət üzrə qrant müsabiqəsinin qalibi seçilib.