Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə aprelin 4-də Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində “Vətən mənə oğul desə…” adlı tədbir keçirilib.
Silahlı Qüvvələrin 100 illiyi və 2016-cı ilin qalibiyyətli Aprel döyüşlərinin ikinci ildönümü münasibətilə təşkil edilmiş tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda, o cümlədən Aprel döyüşlərində şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sonra Aprel döyüşlərinə həsr olunmuş sənədli film nümayiş olunub.
Təhsil Mərkəzinin direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Qabil Həsənov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə peşə təhsilinin müasir tələblər səviyyəsində qurulmasına göstərdikləri diqqət və qayğıdan danışıb.
General-leytenant Yaşar Aydəmirov, Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Nizami Rayon Veteranlar Şurasının sədri Yəhya Ağayev, Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov çıxış edərək Aprel döyüşlərinin hərb tariximizin parlaq səhifələrindən biri olduğunu və bu döyüşlərdə ordumuz tərəfindən düşmənə layiqincə cavab verildiyini bildiriblər. Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin apardığı genişmiqyaslı hərbi-siyasi fəaliyyət faktlarla diqqətə çatdırılıb, gənclərin hərb tariximiz, Aprel döyüşləri barədə maarifləndirilməsinin vacibliyi vurğulanıb. Hərbi vətənpərvərlik ruhlu tədbirlərin əhəmiyyətini qeyd edən natiqlər, bütün uğurların başlanğıcında elmin, biliyin, maarifçiliyin dayandığını bildiriblər, belə tədbirlərin davamlı olmasını arzu ediblər.
Mərkəzin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər oxunub. Sonra iştirakçılar şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.