ELM VƏ TƏHSİL
Gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramı çərçivəsində üstünlük verilən universitetlər
![Gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramı çərçivəsində üstünlük verilən universitetlər](/files/2022/2/1200x630/16601252961728147110_1200x630.jpg)
Bakı, 10 avqust, AZƏRTAC
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində təqaüd qazanan gənclər dünyanın Bilkent Universiteti, Koç Universiteti, Orta Şərq Texniki Universiteti, Bonn Universiteti, Frayburq Universiteti, Stanford Universiteti, Nyu-York Universiteti, “Texas A&M” Universiteti, Corc Vaşinqton Universiteti, London İmperial Kolleci, Kembric Universiteti, London Kral Kolleci, London Biznes Məktəbi, “UCL”, Uorvik Universiteti, Strasburq Universiteti, Tartu Universiteti, Roma Sapienza Universiteti, Milan Politexnik Universiteti, Toronto Universiteti, MakQill Universiteti, Britiş Kolumbiya Universiteti, Amsterdam Universiteti, Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (KAIST), Sinqapur Nanyanq Texnoloji Universiteti, Monaş Universiteti, Sidney Universiteti, “KU Leuven” kimi nüfuzlu təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqram üzrə mühəndislik, maliyyə, iqtisadiyyat, informasiya texnologiyaları, ixtisaslarına daha çox müraciət olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il fevralın 28-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramının hədəf göstəricisi 2022-2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin azı 80 faizi magistratura səviyyəsini əhatə edəcək.