İQTİSADİYYAT
Gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilmişdir
Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü tədbirləri çərçivəsində Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında gömrük orqanlarına xidmətə yeni qəbul edilmiş əməkdaşların andiçmə mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasimdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum gününə təsadüf edən gömrükçü andının əhəmiyyətindən danışaraq bu sahədə çalışanların üzərinə mühüm vəzifələr düşdüyünü xüsusi vurğulamışdır.
S. Mehdiyev Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna nəzər salaraq, gömrük sistemində inkişafın məhz Ulu Öndərin bu sahəyə diqqət və qayğısı nəticəsində mümkün olduğunu bildirmişdir. Vurğulamışdır ki, hər il may ayının 10-da gömrükçülər ümummilli liderin doğum günündə Heydər Əliyev siyasətinə, dövlətçiliyimizə sadiq olduqlarını sübut etməklə, Azərbaycanın iqtisadi təhlükəsizliyini qorumaq üçün and içirlər.
Hazırda ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini gənc gömrük əməkdaşlarına tövsiyələrini vermişdir. Bildirilmişdir ki, əsl gömrükçü olmaq üçün bu peşənin sirlərinə dərindən yiyələnməli, işdə məsuliyyətli olmalı, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində mütəşəkkillik göstərilməlidir.
Daha sonra 22 nəfər gömrük əməkdaşı gömrükçü andı içmişdir.