ELM VƏ TƏHSİL
Görkəmli onkoloq alim, akademik Rəhim Rəhimovun həyat və elmi fəaliyyətinə həsr olunmuş “Ordubaddan doğan işıq” kitabı nəşr olunmuşdur
Bakı, 6 aprel (AZƏRTAC). “Elm və təhsil” nəşriyyatında Hacı Cəfər Quliyevin görkəmli Azərbaycan alimi, onkologiya, şüa və rentgenologiya sahələri üzrə tanınmış mütəxəssis, Əməkdar Elm Xadimi, akademik, tibb elmləri doktoru, “Şöhrət” ordenli Rəhim Rəhimovun həyat və elmi fəaliyyətinə həsr olunmuş “Ordubaddan doğan işıq” kitabı nəşr olunmuşdur.
AZƏRTAC xəbər verir ki, on bir fəsildən ibarət kitab Azərbaycanda tibb elminin onkologiya, radiologiya və rentgenologiya sahəsinin nəzəriyyə və təcrübədə tətbiq üzrə ilk alimlərindən biri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Rəhim Rəhimovun anadan olmasının 90, elmi-pedaqoji və ictimai fəaliyyətinin 70 illiyinə həsr olunmuşdur. Alimin çoxşaxəli elmi-tədqiqat işlərinin nəticələri, respublikada və xaricdə çap olunmuş 140-dan artıq elmi əsəri, müəlliflik şəhadətnaməsi və səmərələşdirici təklifi əhatə edir. Qeyd olunan istiqamətlərdə akademikin rəhbərliyi altında 2 doktorluq və 10 namizədlik dissertasiyası müdafiə edilmişdir. XX əsr Azərbaycan tibb məktəbinin görkəmli nümayəndələrindən biri olan akademik R.Rəhimov ömrünün yarıdan çoxunu bu sahəyə həsr etmişdir. O, tibb sahəsində aspirantdan akademikə qədər şərəfli həyat yolu keçmiş, Azərbaycanda onkologiya sahəsinin ixtisaslaşmasında alimin əvəzsiz xidmətləri olmuşdur. Alimin elmi fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilmişdir.
İnanırıq ki, dünya şöhrətli alimin həyatının bütün sahələrinə güzgü tutan, həmçinin bir çox görkəmli şəxsiyyətlərin onun haqqında fikirlərinin yer aldığı “Ordubaddan doğan işıq” kitabı oxucular tərəfindən maraqla qarşılanacaqdır.