İQTİSADİYYAT
“GSP+” PROQRAMI İLƏ BAĞLI NÖVBƏTİ SEMİNAR LƏNKƏRANDA KEÇİRİLMİŞDİR
Bakı, 12 fevral (AZƏRTAC). Fevralın 12-də İqtisadi İnkişaf Nazirliyi (İİN) Lənkəran şəhərində Avropa İttifaqının “İqtisadi İnkişaf Nazirliyinə dəstək layihəsi” çərçivəsində “Azərbaycan sahibkarlarının Avropa İttifaqına güzəştli şərtlərlə ixrac imkanları” mövzusunda növbəti seminarını keçirmişdir.
Nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir ki, tədbirdə İİN-in, Dövlət Gömrük Komitəsinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri, sahibkarlar iştirak etmişlər.
İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov Azərbaycanda yaradılmış əlverişli biznes mühiti və ölkəmizin ixrac potensialı barədə ətraflı məlumat vermiş, qeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında Avropa İttifaqının “Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+” Proqramının (“GSP+”) əhəmiyyətini vurğulamışdır.
Nazirliyin Xarici ticarət siyasəti və Dünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov isə “GSP+” proqramı barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycanın ixrac imkanlarının daha da genişləndirilməsi məqsədi ilə “GSP+” proqramından istifadə olunması xarici ticarət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə 2009-cu ilin yanvar ayından etibarən tətbiq edilən “GSP+” proqramı Azərbaycan üçün təqribən 7200 mal mövqeyi üzrə Avropa İttifaqı bazarlarına güzəştli şərtlərlə ixrac imkanı yaradır. Bu isə ölkəmizin ixrac potensialının genişləndirilməsi və ixracın strukturunun diversifikasiyası baxımından vacibdir.
Sonra Avropa İttifaqının “İqtisadi İnkişaf Nazirliyinə dəstək layihəsi”nin mütəxəssisləri “GSP+” proqramı ilə bağlı tədbir iştirakçılarına məlumat vermişlər.
Seminar çərçivəsində, həmçinin mənşə sertifikatının verilməsi, “GSP+” sisteminin əsas xüsusiyyətləri, sistemin ölkənin biznes ictimaiyyətinə potensial faydası barədə təqdimat keçirilmiş, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.