İDMAN
Güləş üzrə “Qızıl Qran-pri” turnirinin iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər
Bakı, 27 noyabr, S.Allahverdiyeva, AZƏRTAC
Güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsinin iştirakçıları noyabrın 27-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Dünya Güləş Birliyinin, Beynəlxalq Güləş Federasiyasının nümayəndələri, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri və idmançılar Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərən Ulu Öndərin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Turnir iştirakçıları abidə önündə xatirə şəkli çəkdiriblər.
Noyabrın 29-dək keçiriləcək beynəlxalq turnirin final mərhələsində 41 ölkədən 450-yə yaxın pəhləvan mübarizə aparır.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu yarış Beynəlxalq Güləş Federasiyasının təqvim planında olan ən mühüm yarışlardan biridir.