SİYASƏT
Gürcüstan Prezidenti Qardabanidə quldur basqınına məruz qalmış azərbaycanlı ailəsinə baş çəkmişdir
Qardabani, 30 dekabr (AZƏRTAC). Gürcüstan Prezidenti Mixeil Saakaşvili azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayonundakı Candar kəndinin sakini Yasin Məmmədovun ailəsinə baş çəkmişdir.
Qeyd edək ki, beş nəfərdən ibarət silahlı quldur dəstə bu ailəyə basqın edib ailə üzvlərinə işgəncə vermiş, həmin evdən 16 min lari (1 dollar 1,65 laridir) və xeyli miqdarda qızıl əşya aparmışdır. Polis onları hadisədən dərhal sonra yaxalamışdır.
Prezident Mixeil Saakaşvili baş vermiş hadisədən təəssüfləndiyini bildirmiş və polisdə fövqəladə vəziyyət elan olunması təşəbbüsünü irəli sürmüşdür. Dövlət başçısı demişdir ki, son günlər baş verənlər ümumi əfvetmənin məqsədyönlü olmadığını bir daha sübut edir.
Mixeil Saakaşvili ailəyə dəymiş zərərin ödəniləcəyinə söz vermişdir.
Prezidenti müşayiət edən Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze bölgədə son 4 ildə bu cür faktların qeydə alınmadığını vurğulamış, son aylar isə 13 quldurluq hadisəsi baş verdiyini qeyd etmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qardabani