DÜNYA
Gürcüstanda ictimai nəqliyyatda qoruyucu maskadan istifadə tələbi ləğv edilir
Tbilisi, 17 iyun, AZƏRTAC
Gürcüstanda ictimai nəqliyyatda qoruyucu maskadan istifadə tələbi ləğv edilir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Gürcüstanın hökumət administrasiyasından məlumat verilib.
Bildirilib ki, hökumətin qəbul etdiyi qərara əsasən, iyunun 20-dən sərnişinlərin avtobus və metroda maskadan istifadə etməsi məcburi olmayacaq.
Qərara əsasən, maska taxmaq tələbi yalnız tibb müəssisələrində qüvvədə saxlanılacaq.
Ölkənin Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib ki, bununla belə ölkədə peyvəndləmə prosesi davam edəcək. Onun sözlərinə görə, koronavirus pandemiyası tam başa çatmadığı üçün təhlükə hələ də var və bundan ən yaxşı qorunma yolu peyvənd olunmaqdır.
Gürcüstanda peyvəndin 4-cü dozasının vurulmasına da icazə verilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi