REGİONLAR
Hacıqabul Sənaye Məhəlləsinin rezidentinin yeni istehsal xətti istifadəyə verilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Azərmaş Park” MMC-nin avtomobil istehsalı zavodunda minik avtomobilləri və sərnişin avtobuslarının istehsalı üzrə yeni xətti istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilmiş tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Emin Axundov, Özbəkistanın “UzAvtoSanoat” SC-nin İdarə Heyətinin sədri Şavkat Umurzakov, Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov da iştirak ediblər. Yeni istifadəyə verilmiş istehsal xətti üzrə “Azərmaş Park”ın Özbəkistanın “UzAvtoSanoat” Səhmdar Cəmiyyəti ilə birgə layihəsi çərçivəsində “Chevrolet” markalı minik avtomobilləri və Yaponiyanın “ISUZU” brendinin avtobusları istehsal ediləcək.
İstehsal xəttində birinci mərhələdə il ərzində 4 modeldə 5000 “Chevrolet” minik avtomobili, 1000 ədəd “ISUZU” avtobuslarının və pikaplarının buraxılması nəzərdə tutulur. İnvestisiya dəyəri 14 milyon manat olan layihənin reallaşdırılması nəticəsində 150-yə yaxın iş yeri açılıb.
Müəssisənin istehsal etdiyi avtomobil və avtobuslar daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə də ixrac ediləcək.
Qeyd edək ki, Hacıqabul Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamı ilə yaradılıb. Sənaye Məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur qurulub, inzibati bina, texniki və köməkçi binalar tikilib, abadlıq işləri aparılıb. Digər sənaye məhəllələrinə olduğu kimi, Hacıqabul Sənaye Məhəlləsinə də sahibkarlar tərəfindən böyük maraq göstərilir.