İQTİSADİYYAT
Hər bir ölkə sakini 336,6 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
Bakı, 20 iyun, AZƏRTAC
Cari ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,2 faiz artaraq 3 milyard 324,2 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 435,9 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 73,3 faizini təşkil edib.
Yanvar-may aylarında isə hər bir ölkə sakini orta hesabla 336,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 12,4 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.