ELM VƏ TƏHSİL
Herbari Fondunda Azərbaycan florasına məxsus nadir bitkilər saxlanılır
Bakı, 22 may (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Herbari Fondu 1936-cı ildə yaradılmışdır. Herbari “qurudulmuş bitki” deməkdir.
Fondun rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Pərvanə Qaraxani AZƏRTAC-a bildirmişdir ki, rəhbərlik etdiyi qurumun vəzifəsi bitkilərin toplanması, qurudulması (herbari halına salınması), təyinatı, taksonomiyası (cinsi və növü) və tərkibinin öyrənilməsidir. Bu məqsədlə ölkəmizin müxtəlif dilbər guşələrinə ekspedisiyalar təşkil olunur. Azərbaycan ərazisindən toplanan bitkilər qurudulur, buzlamayan xüsusi soyuducularda saxlanılır, sonra hazırlanma prosesinə başlanılır. Onların kağızları dəyişdirilir, yapışqanlanır və təyinata verilir.
Fondun kolleksiyası 135 fəsli, 1.065 cinsi əhatə edən 600 minə yaxın nüsxədən ibarətdir. Herbari nümunələrinin əksəriyyəti Azərbaycan, eləcə də Qafqaz florasını əhatə edir. Kolleksiyada 27 fəsilə 79 cinsə aid 20 sintip, 33 izotip, 2 holotip, 5 topotip, 9 paratip və 1 lektotipi əhatə edən təxminən 269 tip vardır. Həmçinin fondda Azərbaycanın işğal altında olan torpaqlarında yetişən bitkilərin nümunələri də qorunub saxlanılır. Herbari Fondunun əsas məqsədi Azərbaycan və dünya florasına əsaslanaraq bitki biomüxtəlifliyinin məlumat sorğu funksiyasını yerinə yetirməkdir.
Hazırda fondun zənginləşməsi, yenilənməsi və qorunması istiqamətində işlər uğurla davam etdirilir.