İDMAN
Hərbçilər arasında birinci Dünya Futbol Kubokunun iştirakçıları paytaxt Bakı ilə tanış olmuşlar
Bakı, 2 iyul (AZƏRTAC). Beynəlxalq Hərbi İdman Şurasının hərbçilər arasında Bakıda keçirilən birinci Dünya Futbol Kubokunda iştirak edən komandaların üzvləri, xarici ölkələrin nümayəndələri üçün Dənizkənarı Milli Parkda gəzinti təşkil edilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə gəzinti iştirakçılarına Bakının və Dənizkənarı Milli Parkın tarixi barədə ətraflı məlumat verilmişdir.
Sonra qonaqlar elektrobuslarla Dövlət Bayrağı Meydanı ilə tanış olmuşlar.
Fəvvarələr meydanında isə qonaqlar burada onlar üçün açıq havada təşkil edilmiş xüsusi konsert proqramına qatılmışlar. Ədəbi-musiqili konsert proqramında Azərbaycan və dünya klassiklərinin əsərləri ifa edilmişdir.
Proqramın ən maraqlı hissəsi isə hərbçilər arasında keçirilən birinci Dünya Futbol Kubokunun talismanı olan cırtdanla bağlı olmuşdur.
Kubokun talismanı olan cırtdanlar qonaqları xüsusi salamlamışlar. Qonaqlar Azərbaycanın nağıl qəhrəmanı olan və həmişə sonda qalib gələn cırtdanlarla xatirə şəkilləri çəkdirərək bu mənzərədən məmnunluqlarını bildirmişlər.
Sonda qonaqlar kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibələr vermişlər. Onlar Azərbaycan ilə bağlı təəssüratlarını bölüşmüşlər.