CƏMİYYƏT
Hərbi hissədə bayram ovqatı
Ağstafa, 27 iyun (AZƏRTAC). Ağstafada Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyəti və rayon hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri “N“ saylı hərbi hissədə olmuşlar.
Hərbi hissənin zabit, əsgər və gizirlərini bayram münasibətilə təbrik edən mərasim iştirakçıları Azərbaycanda ordu quruculuğunun ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmiş, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuzun müasir hərbi texnika və silah-sursatla təmin edilməsinə, zabit və əsgərlərin sosial müdafiəsinin gücləndirilməsinə göstərilən diqqət və qayğıdan söz açmışlar.
Bayram mərasimində xidmətdə fərqlənən zabit və əsgərlər hərbi hissə komandirinin fəxri fərmanı ilə təltif edilmişlər. Eyni zamanda, bayram münasibətilə rayon rəhbərliyi tərəfindən hərbi hissəyə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbir rayon mədəniyyət evinin musiqi kollektivinin hazırladığı bayram konserti ilə yekunlaşmışdır.