CƏMİYYƏT
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialının inzibati binası istifadəyə verilmişdir
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Sabunçu rayon filialının inzibati binası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, binanın foyesində ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramı əks etdirən guşə, filialın təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət stend yaradılmışdır.
İkimərtəbəli tədris filialının girişi yenidən qurulmuş, sinif və yardımçı otaqlar, atıcılıq tiri, idman və iclas zalları, dəhlizlər tam təmir edilmiş, əvvəlki dam örtüyü təzələnmiş, pilləkən və tutacaqlar yenilənmişdir. Ərazi abadlaşdırılmış, yeni yaşıllıq zolaqları salınmış, filialın inzibati ərazisinə asfalt örtüyü döşənmiş, bütün sanitariya qovşaqları, elektrik və kommunikasiya xətləri dəyişdirilmişdir.
Filialda təhsil alacaq müdavimlərin daha mükəmməl hazırlığı məqsədilə bütün sinif otaqları əyani vasitələrlə, stend və plakatlarla təchiz edilmiş, sürmə təlimi üçün Rusiyadan iki ədəd təlim trenajoru alınmış, yeni laboratoriya, kompyuter və trenajor sinifləri yaradılmışdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov binada yaradılmış şəraitlə tanış olmuşdur.
Arzu Rəhimov bildirmişdir ki, respublikada hazırlıq komplekslərindən ən böyüyü olan məktəbdə təmir işlərinə iki ay əvvəl başlanılmışdır. Məktəbdə dərslərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Yaxın gələcəkdə Xidmətin tabeliyində olan bütün məktəblərdə bu cür şərait yaradılacaqdır.
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edən Xidmət rəisi bildirmişdir ki, bu məktəbin açılışı ordu quruculuğunda görülən işlərdən biridir.