ELM VƏ TƏHSİL
“Herpes” virusu əsasında hazırlanmış göz damcılarından istifadə edən pasiyentin görmə qabiliyyəti bərpa olunub
Bakı, 28 iyul, AZƏRTAC
“Herpes” virusu əsasında hazırlanmış göz damcılarından istifadə edən 14 yaşlı oğlanın görmə qabiliyyəti bərpa olunub. Bu barədə AZƏRTAC “Mirror” nəşrinə istinadla xəbər verir.
Antonio Vento Karvaxal adlı pasiyent həyatının çox hissəsini bədənində və gözlərində suluqlara səbəb olan nadir genetik xəstəlik - distrofik epidermoliz bulloza səbəbindən görmə qabiliyyətini itirib. Lakin o, Mayami Universiteti nəzdində Baskom Palmer Göz İnstitutundan olan həkim Alfonso Sabater tərəfindən dünyada ilk olan yerli gen terapiyasının klinik sınaqlarına qoşulduqdan sonra dərisinin vəziyyəti yaxşılaşıb.
Antonio dünyada 3 minə yaxın insanın əziyyət çəkdiyi xəstəlikdən müalicə olunur. Gözlərindən çapıq toxumasının çıxarılması üzrə əməliyyat olunsa da, bunun nəticəsi olmayıb. Həkim Alfonsonun komandası Antonionun dərisini suluqlardan müalicə etmək üçün istifadə edilən eksperimental jelin reseptini dəyişdirərək inaktivləşdirilmiş herpes simplex virusu əsasında xüsusi göz damcıları hazırlayıb.
Sabaterin komandası preparatı iki il ərzində siçanlarda sınaqdan keçirdikdən sonra göz damcılarını insanlarda tətbiq etmək üçün razılıq alıb. Ötən ilin avqust ayında Antonio sağ gözündən əməliyyat olunub, bundan sonra həkim Sabater onu göz damcıları ilə müalicə etməyə başlayıb.
Həkimin sözlərinə görə, Antonionun gözü əməliyyatdan sonra bərpa olunub, çapıqlar qayıtmayıb, hər ay əhəmiyyətli dərəcədə irəliləyiş müşahidə olunub. Bu yaxınlarda həkimlər Antonionun sağ gözünün görmə qabiliyyətini ölçüb və demək olar ki, o, mükəmməl səviyyədədir.
Bu il həkim Sabater Antonionun sol gözünü müalicə etməyə başlayıb. Bu gözdə çapıq toxuması daha çox idi. O qeyd edir ki, oğlanın sol gözündəki görmə qabiliyyəti də yaxşılaşıb.
Həkim Sabater hesab edir ki, onun hazırladığı göz damcıları potensial olaraq digər xəstəliklər, misal üçün ABŞ-da 18 milyon insanın əziyyət çəkdiyi və ölkədəki buynuz təbəqənin transplantasiyasının təxminən yarısını təşkil edən Fuks distrofiyasının müalicəsi üçün istifadə oluna bilər.