SİYASƏT
Həştərxanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Azərbaycan Dili və Mədəniyyəti Günləri keçirilmişdir
Bakı, 17 aprel (AZƏRTAC). Həştərxan Dövlət Universitetində (HDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Azərbaycan Dili və Mədəniyyəti Günləri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, professor Olqa Yeqorova Azərbaycan xalqının dilindən və mədəniyyətindən ətraflı söz açmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı və dövlət fəaliyyəti haqqında məruzə ilə çıxış etmişdir. Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsinin sədri Ədalət Hüseynov HDU ilə əməkdaşlıqdan və birgə tədbirlərdən danışmışdır.
Görüşdə Bakı Slavyan Universitetinin müəllim və tələbələrinin iştirakı ilə videokonfrans keçirilmişdir. Həştərxan Universitetinin tələbələri tərəfindən Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi məsələləri müzakirə edilmiş, ”Müasir Azərbaycan” sənədli filmi nümayiş olunmuşdur.
Tədbir çərçivəsində müasir Azərbaycan şairlərinin şeirlərini Azərbaycan dilində deklamasiya, Azərbaycan dilindən rus və ingilis dillərinə sinxron tərcümə müsabiqələri keçirilmişdir.
Tədbirin sonunda konsert və Azərbaycan mətbəxi təamlarının dequstasiyası olmuşdur.