SİYASƏT
HEYDƏR ƏLİYEV XATİRƏ MEDALYONLARININ TƏQDİMATI OLMUŞDUR
Bakı, 25 sentyabr (AZƏRTAC). Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş medalyonların təqdimat mərasimi olmuşdur.
Medalyonlar Almaniyanın məşhur “Mayer Mint” şirkəti tərəfindən hazırlanmışdır.
Azərbaycan Mədəniyyət Fondunun icraçı direktoru İbrahim Quliyev məhdud sayda hazırlanmış bu medalyonların müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə layiqli töhfə olduğunu bildirmişdir. O, demişdir ki, ulu öndərin yürütdüyü siyasət nəticəsində müstəqil, demokratik Azərbaycan dünya birliyində layiqli yerini tutmuşdur.
“Mayer Mint” şirkətinin rəhbəri Bernard H. Mayer demişdir ki, biz Azərbaycan xalqının ümummilli liderinin xatirəsini özünəməxsus şəkildə yad etməyimizdən qürur duyuruq. Mən sevinc hissi ilə qeyd etmək istərdim ki, bu medalyonlar bizim istehsal etdiyimiz ən son kolleksiyadır. Natiq xatırlatmışdır ki, şirkət dünyada, xüsusilə də keçmiş Sovet İttifaqının və Qafqaz regionunun siyasi həyatında böyük rol oynamış Heydər Əliyevin adının əbədiləşdirilməsi üçün xatirə medalyonlarını istehsalı etməyi qərarlaşdırdıqdan sonra Heydər Əliyev Fondundan rəsmi icazə almışdır.
Qeyd edək ki, 1871-ci ildə Almaniyada Bernard Henrix Mayer tərəfindən əsası qoyulan “Mayer Mint” şirkətinin kolleksiyaları arasında Mahatma Qandi, Tereza ana, ABŞ-nın keçmiş prezidenti Con Kennedi, şahzadə Diana, Martin Lüter kimi tanınmış şəxsiyyətlərin qızıldan və digər qiymətli metallardan hazırlanmış medalyonları da vardır. Bu cür medalyonlar müvafiq dövlət orqanlarının xüsusi icazəsi ilə buraxılır. Şirkətin hazırladığı xatirə medalyonları dünyanın 160-dan artıq ölkəsinə yayılmışdır. Heydər Əliyevin xatirəsinə istehsal edilmiş medalyonlar da həmin medalyonlar sırasına daxil olacaq və dünyanın 200-dən çox ölkəsində kolleksiya həvəskarlarına təqdim ediləcəkdir.
Almaniyalı qonaq bu təşəbbüsü dəstəklədiyi üçün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda incəsənət ustalarının iştirakı ilə konsert olmuşdur.
Təqdimat mərasimində gənclər və idman naziri Azad Rəhimov iştirak etmişdir.
######