SİYASƏT
Heydər Əliyevin neft strategiyası Azərbaycanın müstəqilliyinin əsasıdır
Bakı, 10 may (AZƏRTAC). Heydər Əliyevin neft strategiyası Azərbaycanın müstəqilliyinin əsasıdır. “Əsrin müqaviləsi” xarici şirkətlər üçün Azərbaycanda “açıq qapı” siyasətinin başlanğıcı oldu. Azərbaycan Respublikası tərəfindən imzalanmış bu ilk beynəlxalq neft müqaviləsi öz tarixi əhəmiyyətinə və ölkəmizin uzaq gələcəyi üçün nəzərdə tutulan strateji mahiyyətinə görə Azərbaycanın dövlət müstəqilliyi salnaməsində layiqli yer tutmuşdur.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) İdarə Heyətinin nümayəndəsi Elxan Abbasov bu sözləri AZƏRTAC-a müsahibəsində söyləmişdir. E.Abbasov daha sonra demişdir: “Heydər Əliyev Azərbaycanın yeni tarixinin simvolu olmuşdur. Ümummilli liderin müəyyən etdiyi inkişaf templəri arxayınlaşmağa imkan vermir, əksinə, Azərbaycan yeni zirvələr fəth etmək üçün qüvvə toplayır. Yaxın illər, onilliklər üçün Azərbaycanın qarşısında duran möhtəşəm vəzifələr onu göstərir ki, Azərbaycan xalqının haqlı olaraq fəxr etdiyi ümummilli lider tərəfindən seçilmiş strateji fəaliyyət kursu ölkəmizin dünya birliyində layiqli yer tutmasına imkan vermişdir”.