CƏMİYYƏT
Hicran Hüseynova: Azərbaycanda elm, texnologiya, mühəndislik üzrə təhsil alan qızların sayı orta dünya göstəricisini üstələyir
![Hicran Hüseynova: Azərbaycanda elm, texnologiya, mühəndislik üzrə təhsil alan qızların sayı orta dünya göstəricisini üstələyir](/files/2023/3/1200x630/1698220681225751574_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycanda savadlılıq səviyyəsi çox yüksəkdir. Kişilər və qadınlar təhsilin bütün pillələrində bərabər şəkildə fəal iştirak edirlər. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni, orta dünya göstəricisindən artıqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında komitə sədri Hicran Hüseynova deyib.
O bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyeva bu faktı beynəlxalq arenada səsləndirir, diqqəti bu məsələyə yönəldir. Lakin hələ də təhsildən yayınan uşaqlar, o cümlədən qızlar var, onlar bir çox hallarda erkən nikaha məcbur olunur. Bu istiqamətdə tədbir görülməlidir.
“Qız uşaqlarına münasibətdə mövcud ayrı-seçkiliyin qarşısının alınması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması məsələsi bizi narahat edir. Qadın və kişilərin bərabər iştirakçılığı, gender mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın, məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən layihələr, tədbirlər bir daha göstərir ki, ölkədə gender bərabərliyinin təmin edilməsi ildən-ilə yüksəlir”, - deyə komitə sədri qeyd edib.