CƏMİYYƏT
“Himayədar ailə” institutu yaradılmasının əsas məqsədi valideynsiz uşaqların ailədə böyüməsini təmin etməkdir
Bakı, 23 fevral, AZƏRTAC
Dünyada valideyn himayəsindən məhrum olan uşaqlar üçün bir neçə müdafiə mexanizmi var. Bunun ən mütərəqqi mexanizmi himayədar ailə institutudur. Burada başlıca məqsəd ondan ibarətdir ki, nazirliyin tərkibindəki Sosial Xidmətlər Agentliyi valideyn himayəsindən məhrum olan və ya məhrum olmaq təhlükəsi ilə üzləşən uşaqlarla əlaqədar müvafiq qiymətləndirmə aparır. Uşaqların öz ailəsində qalması üçün sosial dəstək tədbirləri müəyyən edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Himayədar ailə" institutu barədə məlumat verərkən deyib.
Nazir qeyd edib ki, əsas məqsədin valideyn himayəsindən məhrum olan uşaqların sosial xidmət müəssisələrində deyil, ailələrdə böyüməsini təmin etməkdən ibarətdir: "Həmin mexanizmlər çərçivəsində ona dəstək veriləcək ki, uşaq hansısa sosial xidmət müəssisəsində deyil, ailədə böyüsün. Əgər himayədar ailə metodu işləməsə, onda uşaq sosial xidmət müəssisəsinə yerləşdiriləcək və onun övladlığa verilməsi istiqamətində işə başlanılacaq. Ona görə də himayədar ailə olaraq ilk olaraq uşağın öz ailəsində qalması üçün sosial dəstəyin göstərilməsi, bu alınmayanda isə himayədar ailə mexanizminin işə düşməsi, bu da alınmayanda övladlığa verilməsi mexanizmidir. Valideyni itirmiş və ya valideyn himayəsindən məhrum olmuş hər bir uşaqla əlaqədar həmin proses izləniləcək. Həmin mexanizmin ölkəmizdə uğurlu nəticə verəcəyini ümid edirik".
Qeyd edək ki, bu il fevralın 15-də Prezident İlham Əliyevin imzaladığı “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanla himayədar ailə sahəsində dövlət siyasətinin, tənzimləmənin və dövlət nəzarətinin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.