SİYASƏT
Hindistanın milli bayramı - Respublika Günü qeyd olunmuşdur
Bakı, 27 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, yanvarın 26-da Hindistanın Azərbaycandakı səfirliyində ölkənin milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilmişdir.
Tədbirdə Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndirildikdən sonra Hindistanın ölkəmizdəki səfiri Debnad Şou toplaşanlar qarşısında çıxış edərək ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan danışmış, Azərbaycan və Hindistan arasında tarixən mövcud əlaqələri nəzərə çarpdırmışdır. Səfir bu münasibətlərin daha da möhkəmlənməsində hökumətlərarası komissiyanın böyük rol oynadığını qeyd etmişdir. Diplomat iki ölkə arasında əlaqələrin çoxtərəfli formatda inkişafını xüsusi olaraq vurğulamışdır. Debnad Şou Azərbaycanı BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etmiş, bu hadisənin çox böyük nailiyyət olduğunu vurğulamışdır.
Qəbulda çıxış edən gənclər və idman naziri Azad Rəhimov əlamətdar gün münasibətilə Prezident İlham Əliyevin təbriklərini və ən xoş arzularını səfirliyin əməkdaşlarına çatdırmışdır. Nazir Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, gələcəkdə ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin qurulacağına əminliyini bildirmişdir.
Tədbir bədii hissə ilə davam etmişdir.