SİYASƏT
Hollandiyadakı türk ictimai təşkilatları və Azərbaycan diasporunun təmsilçiləri Almelo şəhərində etiraz aksiyası keçirmişlər
Bakı, 25 aprel (AZƏRTAC). Hollandiyadakı türk ictimai təşkilatları və Azərbaycan diasporunun təmsilçiləri Almelo şəhərində erməni kilsəsi önündə qondarma erməni soyqırımına abidə ucaldılmasına etiraz edərək şəhər bələdiyyəsinin binası qarşısında aksiya keçirmişlər.
Diasporla iş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, iş günü olmasına baxmayaraq, çox sayda insanın qatıldığı mitinq izdihamlı olmuşdur. Türk ictimai təşkilatlarının rəhbərləri və nümayəndələri aksiyada çıxış edərək, qondarma erməni soyqırımına abidə ucaldılmasını və buna icazə verənləri qınamışlar. Aksiya iştirakçıları əllərində müxtəlif plakatlar, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını tutmuşlar.
Hollandiya Azərbaycan Türk Mədəniyyət Mərkəzinin rəhbəri İlhan Aşkın bildirmişdir ki, Almelo bələdiyyəsindən sadəcə erməni abidəsi üçün icazə alan ermənilər sonradan əsl simalarını göstərərək onun üzərinə soyqırımı sözlərini yazmışlar. İlhan Aşkın abidənin sökülməsinə nail olanadək mübarizəni davam etdirəcəklərini demişdir.
Digər çıxış edənlər aksiyanın, eyni zamanda, xalqlar dostluğu və sülh naminə təşkil edildiyini vurğulamışlar.
Sonda Almelo bələdiyyəsinə müraciət qəbul olunmuş və sənəd təqdim edilmişdir.
Mitinqə, eyni zamanda, Hollandiya Ankaralılar Dərnəyi, Qərbi Avropa Türk İslam Mərkəzi, Hollandiya Balkan Türkləri Kültür və Dayanışma Dərnəyi və digər türk ictimai təşkilatlarının rəhbərləri və üzvləri də qatılmışlar.