MƏDƏNİYYƏT
Hollivud ulduzu Conni Depp musiqi albomu buraxacaq
![Hollivud ulduzu Conni Depp musiqi albomu buraxacaq](/files/2022/2/1200x630/16543453285042548349_1200x630.jpg)
Bakı, 4 iyun, AZƏRTAC
Keçmiş həyat yoldaşına qarşı məhkəmədə qalib gələn Hollivud ulduzu Conni Depp yenidən aktiv yaradıcılıq fəaliyyətinə qayıdıb.
AZƏRTAC kinonews-a istinadla xəbər verir ki, məhkəmə qalibiyyətindən sonra onun ilk layihəsi musiqi ilə bağlı olacaq. C.Depp britaniyalı gitaraçı Ceff Bek ilə səkkiz mahnının ifası üzərində işləyib.
Əvvəllər “Yardbirds” kollektivində ifa edən C.Bek kino ulduzu C.Deppin karyerasındakı növbəti uğurlu addımından danışaraq, gələn ay birgə musiqi albomu çıxarmaq niyyətlərinin olduğunu vurğulayıb. “Mən C.Depplə beş il əvvəl tanış oldum və o vaxtdan indiyə kimi heç vaxt pozitivlikdən imtina etmədik. Bu əhvalla da musiqi albomu yazdırdıq. Albom iyulda buraxılacaq”, - deyə gitaraçı bildirib.
Xatırladaq ki, məşhur Hollivud ulduzu Conni Depp keçmiş həyat yoldaşı Amber Hördə qarşı açdığı böhtan iddiası ilə məhkəmədə qələbə qazanıb. Məhkəmə A.Hörd tərəfindən iddiaçıya ümumilikdə 15 milyon dollar kompensasiya ödənilməsi barədə qərar çıxarıb.