İQTİSADİYYAT
Horadizdə tikinti-quruculuq işləri davam etdirilir
Füzuli, 29 dekabr (AZƏRTAC). Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Füzuli rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Proqramı çərçivəsində görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilmiş, hazırda rayonda geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığı diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, Dövlət Proqramına uyğun olaraq rayonda Aqroservis xidmətinin yaxşılaşdırılması, heyvandarlığın, taxılçılığın, tərəvəzçiliyin inkişaf etdirilməsi, kəndarası yolların əsaslı təmiri, yaşayış məntəqələrinin qazlaşdırılması, telefonlaşdırılması, içməli və suvarma suyu ilə təchizat, təhsil, mədəniyyət, səhiyyə müəssisələri tikilməsi, subartezian quyularının qazılması kimi məsələlərin icrası istiqamətində böyük işlər görülmüşdür.
Məlumat verilmişdir ki, hazırda dövlətimizin başçısının Sərəncamına uyğun olaraq Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun yenidən qurulması, Horadiz şəhərində Bayraq meydanının, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə “Qəhrəmanlar” parkının, 31 Mart soyqırımı qurbanlarının xatirəsinə abidə kompleksinin, tarix-diyarşünaslıq muzeyinin, uşaq bağçasının, veteranlar evinin, tikiş fabrikinin, idman zalının, rayon icra hakimiyyətinin inzibati binasının tikintisi, erməni işğalı zamanı dağıdılmış evlərin bərpası davam etdirilir, 5 küçədə abadlıq və yenidənqurma işləri aparılır, Heydər Əliyev parkının ərazisi genişləndirilir. Horadiz şəhəri ilə yanaşı rayonun kəndlərində də tikinti-quruculuq işləri davam etdirilir, Qazaxlar kəndində 180 şagird yerlik orta məktəb, Əhmədbəyli kəndində gimnaziya üçün binalar, Qarabağ kəndində heyvandarlıq kompleksi, Üçüncü Zobucuq qəsəbəsində çörək zavodu inşa edilir.
Göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edən natiqlər bildirmişlər ki, füzulililər bundan sonra da müstəqil Azərbaycanın, o cümlədən Füzuli rayonunun inkişafı naminə əzmlə çalışacaqlar.